Eyvind Uluf Verner Yunson (isv. Eyvind Olov Verner Johnson; 29 iyul 1900[1][2][…]25 avqust 1976[1][2][…], Stokholm) — İsveç yazıçısı və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974; Harri Martinson ilə birlikdə).

Eyvind Yunson
isv. Eyvind Johnson
Doğum adı Eyvind Olov Verner Johnson
Doğum tarixi 29 iyul 1900(1900-07-29)[1][2][…]
Vəfat tarixi 25 avqust 1976(1976-08-25)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti tərcüməçi, romançı, jurnalist, yazıçı, şair, kinorejissor, film ssenaristi[d]
Fəaliyyət illəri 1924-cü ildən
Əsərlərinin dili isveç dili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İsveç yazıçısı Eyvind Uluf Verner Yunson kiçik yaşlarından həyatın hər cür məhrumiyyətləri ilə üzləşmişdi. Şaxtaçı atası ruhi xəstəlikdən əziyyət çəkdiyi, anasının isə uşaqlara baxmağa imkanı olmadığından qohumlarının himayəsində böyümüşdü. 13 yaşında məktəbi atmağa məcbur olmuş, montyor köməkçisi, mağazada satıcı, kinomexanik və b. işlərdə çalışmışdı. Təhsilini fərdi mütaliə yolu ilə almışdı. Bir sözlə, Eyvind Yunson hər cəhətdən bənzədiyi rus yazıçısı Maksim Qorki kimi əsl həyat universitetləri keçmişdi.

Stokholma gəldikdən sonra (1919) Yunson həmkarlar ittifaqlarının fəaliyyəti və siyasətlə maraqlanmışdı. Eyni zamanda ilk əsərlərini çap etdirməyə çalışmışdı. Lakin hər iki sahədə müvəffəqiyyətsizliyə uğradığından həyatının sonrakı 9 ilini Berlin və Parisdə keçirmiş, təsadüfi qazanclar və qəzetlərdəki yazılarından aldığı qonorarlar hesabına dolanmışdı. Dünyanı yaxşılığa doğru dəyişdirmək üçün siyasəti və sözü mühüm silah sayan yazıçı hər iki sahədə bilik və təcrübəsini artırmaq üçün İsveçdən kənarda keçirdiyi illəri daha çox öyrənməyə sərf etmişdi.

Adlı-sanlı sənətkarlardan öyrənmək isə gənclər üçün həmişə təsir altına düşmək təhlükəsi yaradır. Məhz bu səbəbdən tənqidçilər Yunsonun "Timanlar ailəsi və ədalət" (1925), "Şəhər qaranlıqda" (1927), "Şəhər aydınlıqda"» (1928) kimi əsərlərində onun öz dəsti-xəttindən daha çox Marsel Prust, Ceyms Coys, Andre Jid, Andre Berqson və b. yazıçı və filosofların təsirini görmüşdülər. Ceyms Coysun "şüur axını" texnikasını İsveç nəsrinə ilk tətbiq edən Yunson olmuşdu.

Uzun müddətli ayrılıqdan sonra Eyvind Yunson 1930-cu ildə İsveçə sənət baxımından püxtələşmiş və müəyyən qədər tanınmış yazıçı kimi dönmüşdü. Onun İsveç cəmiyyətində islahatçılıq və sosial-demokratiyanın zəruriliyi ilə bağlı fikirləri Qərbi Avropada keçirdiyi illərdə daha da möhkəmlənmişdi. Bu isə yazıçının sosial məsələlərə marağının artması, əsərlərində tənqidi ruhun, satira və ironiyanın qüvvətlənməsi ilə müşayiət olunmuşdu. "Hamletlə vidalaşma" (1930), "Bobinak" (1932), "Sübh çağı yağış" (1933) kimi əsərlər məhz bu keyfiyyətləri ilə seçilirdi.

1934-1937-ci illərdə Yunson dörd cildlik "Uluf haqqında roman" əsəri üzərində işləmişdi. Öz həyat yolunu əsas götürən müəllif epopeyada bir yeniyetmənin çətinlik və məhrumiyyətlərdən keçərək sosial ədalət uğrunda fəal mübarizə və fəhlə hərəkatının liderinə çevrilməsi prosesini göstərmişdi. Bu təkcə bir şəxsin deyil, həm də həqiqi sosializm və sosial-demokratiyanın bərqərar olduğu İsveç cəmiyyətinin keçdiyi yolun təsviri idi.

Nasizm təhlükəsinə qarşı həm öz ölkəsində, həm də Avropa miqyasında fəal mübarizə aparan söz adamlarından biri də Eyvid Yunson idi. Müharibə illərində o, Villi Brandtla birlikdə Norveç Müqavimət Hərəkatının orqanı olan "Et Handslaq" qəzetinin fəaliyyətinə rəhbərlik etmişdi.

Təxminən yarım əsrlik yaradıcılığı dövründə Yunson 30 roman və çoxsaylı hekayələr yazmışdı. Onun romanları mövzu baxımından müxtəlifdir. Xüsusən 50-60-cı illərdə qələmə aldığı əsərlərdə müəllif tarix və ümumavropa mövzuları ilə daha yaxından maraqlanmışdı. Belə mövzu seçimində onun bir müddət YUNESKO-da çalışması və çoxsaylı səyahətləri də mühüm rol oynamışdı.

Eyvind Yunson 1957-ci ildə İsveç Akademiyasının üzvü seçilmişdi. Tarixi mövzuda yazdığı "Əlahəzrətin günləri" (1962) romanına görə Skandinaviya Şurasının mükafatını almış, bir sıra universitetlərin fəxri doktoru seçilmişdi. 1936-cı ildən etibarən Yunson yazıçı və tərcüməçi olan ikinci arvadı Sille Frankenxoyserlə əməkdaşlıq şəraitində Alber Kamyu, Anatol Frans, Jan-Pol Sartr, Ejen İonesko kimi fransız intellektuallarının əsərlərini İsveç dilinə tərcümə etmişdi.

1974-cü ildə Eyvind Yunson "azadlığa xidmət edən, zaman və məkan anlayışlarının hüdudlarını genişləndirən təhkiyə sənətkarlığına görə" Nobel laureatı olmuşdu. Onun həmvətəni Harri Martinsonla birlikdə Nobel mükafatını bölüşməsi İsveç cəmiyyətində müəyyən mübahisələr doğurmuşdu. Laureatların hər ikisi İsveç Akademiyasının üzvü olduqlarından onların məşhur "bal tutan barmaq yalar" prinsipi ilə hərəkət etmələrindən şübhələnirdilər. Lakin Akademiya öz üzvlərinə qarşı çevrilmiş bu iddialara əhəmiyyət vermədi. Onu da qeyd etmək lazımdır ki, isveçli akademiklər həmvətənlərinin təsis etdiyi mükafatı Qrehem Qren, Sol Bellou və Vladimir Nabokov kimi tanınmış sənətkarlarla rəqabət şəraitində almışdılar. Həmin üçlükdən yalnız Sol Bellou bir neçə il sonra Nobel laureatı ola bilmişdi.

Eyvind Yunson Skandinaviyadan kənarda yaxşı tanınmır. İndiyə qədər onun çoxsaylı romanlarından yalnız dördü ingilis dilinə tərcümə edilmişdir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə