Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə (Azaqbəyli) | |
---|---|
Abdulla bəy İsmayıl oğlu Əfəndizadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Nuxa qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Fəaliyyəti | Pedaqoq, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü |
Uşağı |
Ziya bəy Əfəndiyev Bahadur bəy Əfəndiyev Şamil bəy Əfəndizadə Nailə xanım Əfəndizadə İsmayıl Əfəndiyev Aslan Əfəndiyev |
Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; 3 mart 1873, Nuxa – 1928, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880–1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888–1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895–1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Babası Hacı Çələbi əfəndi, atası İsmayıl əfəndi və anası Fəxri (Şirin) xanım Əfəndizadə olmuşdur. Qardaşları Hüseyn əfəndi Əfəndizadə və Rəşid bəy Əfəndiyevolmuşdur. Ziya adında oğlu olmuşdur. Hikmət Ziyanın babasıdır.
- İsmayıl əfəndi — 1819-cu ildə Şəkidə anadan olmuşdur. Osmanlıda təhsil almış, Gəncə Valiliyi Sünni Ruhani Məclisinin üzvü, İrəvan, Naxçıvan, Yeni Bəyazid və Şərur-Dərələyəz qəzalarının qazisi olmuşdur. 13 iyun 1892-ci ildə Şəkidə vəfat etmişdir.
- Hüseyn əfəndi Əfəndizadə — 1862-ci ildə Şəkidə anadan olmuşdur. Zaqafqaziya Ruhani İdarəsindən rəsmən "əfəndi" titulu almışdır. Qori Müəllimlər Seminariyasında çalışmışdır. 1917-ci ildə Şəkidə yaşamasına baxmayaraq, Gəncə Valiliyi Sunni Ruhani Məclisinin sədri olmuşdur. 30 oktyabr 1919-cu ildən Şəki Qadın Gimnaziyasının direktorunu əvəz edib.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. 1906-cı ildə A.Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I və 1907-ci ildə II qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirmişdir. O, Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.[2]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. 1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin "Son türk əlifbası" adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir.
Ədəbi yaradıcılıqla məşğul olmuş Əfəndizadə uşaqlar üçün şeirlər, hekayələr də yazmışdır. Onun 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı "Ya ölüm, ya Türkiyə" mənzuməsi çox məşhur idi. Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə "Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOPK)" məcmuəsində çap etdirmişdir.
Kitabları
[redaktə | vikimətni redaktə et]- "Rüstəmin yuxusu, yaxud röyası" (1906);
- "Şagirdlərə hədiyyə" (1914).
Kitabçası
[redaktə | vikimətni redaktə et]- "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə
Şeirləri
[redaktə | vikimətni redaktə et]- "Növhə";
- "Ümid";
- "Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq";
- "Qafqaza dəvət".[3]
Haqqında
[redaktə | vikimətni redaktə et]Onun 1906-cı ildə əvvəl "Dəbistan" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "Rüstəmin yuxusu" adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə resenziya yazmışdır:
"Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə bir-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb "mütəzad" surəti şeriyyəsi ilə tənzim edilmişdir". |
Vəfatı
[redaktə | vikimətni redaktə et]O, 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Abdulla bəy Əfəndizadə 1873-1928 (145 illiyi)". 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Yanvar , 2018.
- ↑ "Azərbaycanın görkəmli maarifçilər nəsli". 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013.- 9 oktyabr..
- ↑ "AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR". 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018. 8 iyun.