Azərbaycan Sovet Sosialist Respublikası

SSRİ tərkibində mövcud olmuş, Azərbaycan tarixində ikinci respublika
(Azərbaycan SSR səhifəsindən yönləndirilmişdir)

Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR)[a] (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika)[3]Cənubi Qafqazın şərq hissəsində sosialist dövlət. 1920–1922-ci illərdə formal müstəqil, 1922–1936-cı illərdə ZSFSR tərkibində SSRİ-nin, 1936–1991-ci illərdə isə birbaşa SSRİ-nin ittifaq dövləti olmuşdur.

Müttəfiq respublika
Azərbaycan Sovet Sosialist Respublikası
Азербайджанская Советская Социалистическая Республика
آذربایجان سوسیالیست شورﺎ جومهوریتی
Azərbajcan Sosjalist Зyra Cumhyrijjəti
Азәрбајҹан Совет Сосиалист Республикасы
Bayraq Gerb
Bayraq Gerb
«Бүтүн өлкәләрин пролетарлары, бирләшин!
(
Bütün ölkələrin proletarları, birləşin!
«Bütün ölkələrin proletarları birləşin!»
 
 

Paytaxt Bakı Bakı
Ən böyük şəhər Gəncə, Sumqayıt, Mingəçevir
Rəsmi dilləri Azərbaycan dili
rus dili
Dövlət dini Dövlət ateizmi
Valyuta SSRİ rublu
Ərazisi 86,6 min. km2
SSRİ-də 9-cu
Əhalisi 7,137,000[1]
SSRİ-də 6-cı
İdarəetmə forması Sovet respublikası
Tarixi
 • 19 iyul 1919 Həştərxanda mühacir Azərbaycan Sovet Respublikasının qurulması
 • 28 aprel 1920 Bakıda Sovet Respublikasının elan edilməsi
 • 30 dekabr 1922 ZSFSR-in tərkibinə girməsi
 • 5 dekabr 1936 Ayrıca müttəfiq respublika statusu alması
 • 20 fevral 1988 Birinci Qarabağ müharibəsi
 • 23 sentyabr 1989 Suverenliyinin elanı
 • 19–20 yanvar 1990 Qara Yanvar və ya 20 yanvar
 • 5 fevral 1991 Azərbaycan Respublikası adlandırılması
 • 18 oktyabr 1991 Dövlət müstəqilliyinin elanı
 • 26 dekabr 1991 Dövlət müstəqilliyinin tanınması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab KomitəsinəAzərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər. Xalq Komissarları Sovetinə N. Nərimanov başçılıq edirdi. Ç. İldırım — xalq hərbi-dəniz işləri komissarı; H. H. Sultanov — xalq daxili işlər komissarı; Ə. H. Qarayev — xalq əmək və ədliyyə komissarı; Q. M. Musabəyov — xalq əkinçilik, ticarət, sənaye və ərzaq komissarı; M. D. Hüseynov — xalq maliyyə komissarı; D. X. Bünyadzadə — xalq maarif və dövlət nəzarəti komissarı; C. Vəzirov — xalq poçt, teleqraf və yollar komissarı; A. Ə. Əlimov — xalq səhiyyə və himayə komissarı seçildi. Real hakimiyyət daha çox hələ 1920-ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının — AK(b)P-nin əlində idi.

1924-cü ilin fevralında Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Nax. MSSR) yaradıldı. 1922-ci ildən 1936-cı ilə qədər Azərbaycan SSR, Ermənistan və Gürcüstan SSR-lə birlikdə ZSFSR tərkibinə daxil oldu. 1936-cı ildə ZSFSR ləğv edildi və Azərbaycan SSR ayrıca müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil oldu.

21 may 1990-cı ildə 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edildi. 5 fevral 1991 — Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır. 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.

Xronologiya

redaktə

28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi.

1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər.

3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.

5 may 1920 — Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edir. Bir neçə ildən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına veriləcəkdi.

7 may 1920 — Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və həmin ilin dekabrında SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.

12 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verdi. Əks-inqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verildi.

15 may 1920 — Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verdi.

24 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik Lenin tərəfindən Bakıya göndərilən Aleksandr Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.

3 iyun 1920 — ZəngəzurQarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçirdilər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilir. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal edirlər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilirlər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçir. Sovetləşməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verirdi.

6 may 1921 — I Ümum-Azərbaycan sovetlər qurultayı (6–19 may) işə başlayır. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunur. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilir, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev)və yerli sovetlər yaradılır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilir. 1921–1937-ci illərdə Ümum-Azərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.

2 iyul 1921 — Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərən — Azərbaycan Kişi Pedaqoji İnstitutu (sonralar V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) təsis edildi.

5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilir. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N. Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi

7 iyul 1923-cü il — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verir. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında "beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə" xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, "Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması" nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə RK(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min km² olaraq müəyyənləşdi.

30 avqust 1930 — Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə — rayonlara bölündü. Qərara əsasən, 63 rayon yaradıldı. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay), Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.

7 avqust 1932 — Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.

24 iyun 1938 — I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet formal fəaliyyət göstərirdi.

1938 — Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Bununla belə, qərar həyata keçməmiş qaldı.. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.

2 iyun 1938 — Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olundu. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmiş, 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlamışdı.

25 iyun 1987 — SovİKP MK-nın plenumu "yenidənqurma" ("perestroyka") haqqında qərar qəbul edir. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən, Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.

21 may 1988 — SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirir. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov vəzifələrindən kənarlaşdırıldılar. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Əbdürrəhman Vəzirov seçildi.

18 iyul 1988 — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirildi. M. Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak edirdilər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunur. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Ermənsitan SSR rəhbərliyi bu çağırışı cavabsız qoydu.

16 iyul 1989 — Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.

19 may 1990 — Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edildi. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi. SovİKP MK-nın baş katibi M. Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.

21 may 1990-cı ildə 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edildi.

5 fevral 1991 — Azərbaycan dövləti — Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır.

27 iyun 1991 — Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul etdi. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.

30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun — Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.

8 sentyabr 1991 — Azərbaycanda ilk prezident seçkiləri keçirildi. Ölkədəki əksər siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi.

İqtisadiyyatı

redaktə

Azərbaycan iqtisadiyyatının daha əhatəli və böyük yüksəlişi XX əsrdə 70 ildən artıq bir dövrü əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası zamanına təsadüf edir.[4] Bu illər ərzində Azərbaycan iqtisadiyyatının əksər sahələri əvvəlki dövrlərlə müqayisədə sürətlə və kompleks inkişaf etmiş, güclü sənaye potensialı yaranmışdı. Azərbaycan İkinci dünya müharibəsinə qədər Sovet İttifaqının əsas neft bazası idi. Abşeronda neft və onunla əlaqədar sənaye sahələrinə çoxlu əsaslı vəsait qoyulurdu və bu sahələrin sürətlə inkişafı hesabına Azərbaycanda sənaye nisbətən sürətlə inkişaf edirdi. İkinci dünya müharibəsi nə qədər olan dövrdə Azərbaycanda xalq təsərrüfatına bütün kapital qoyuluşunun 65%-i sənayenin inkişafı üçün yönəldilirdi. Sonrakı beşilliklərin heç birində xalq təsərrüfatına kapital qoyuluşunda sənayenin payı bu qədər yüksək olmamışdı. Həm də bu dövrdə sənayeyə kapital qoyuluşunun 80%-ə qədəri, o cümlədən birinci beşillik dövründə 86,4 %-i neft və onunla əlaqədar olan sahələrin payına düşürdü. Bütün bunlar İkinci dünya müharibəsinə qədər ən çox neft və onunla əlaqədar sahələrin hesabına Azərbaycanda sənayenin sürətlə inkişafını təmin edirdi. 1941-ci ildə Azərbaycan neft sənayesində ən çox neft — 23,5 milyon ton çıxarırdı.

İkinci dünya müharibəsi illərində müharibənin tələbatını ödəmək məqsədilə neft və onunla əlaqədar sahələrin inkişafı ön plana çəkildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı. Azərbaycanda yüksəkoktanlı benzin istehsalına başlandı. Azərbaycanda neft hasilatı SSRİ-də çıxarılan neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verirdilər. Müharibə zamanı hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərində çıxarılan, onun neft emalı zavodlarında istehsal olunan yanacaqla işləyirdi. Müharibə illərində cəbhənin neft tələbatının 70, yüksək oktanlı benzin və sürtgü yağına olan ehtiyacının 100 faizini Bakı ödəyirdi. 1942-ci ildə Bakının sənaye müəssisələrində 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi.

 
50 illik yubileyinə həsr olunmuş SSRİ poçt markası.

1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, 1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı. 1941–1970-ci illərdə 146 və ya bütün 1920–1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi.

Bu illərdə Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü.

1949-cu ildə dünya təcrübəsində ilk dəfə dənizindən neft çıxarılmasına başlandı. Qısa müddət ərzində Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi.

Neft sənayesi neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı, elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi.

50–60-cı illərdə Sovet İttifaqı nın başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli azaldı, bu sahələrin inkişafının zəifləməsi bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. 1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i, istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika, metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü.

70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı.

70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970–1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a. Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu.

1 yanvar 1991-ci il tarixinə SSRİ əhalisinin ümumi sayı 290.077 milyon nəfər təşkil edirdi, onlardan 7.137 milyon nəfəri isə Azərbaycan SSR sakini idi.[1] Beləliklə, Azərbaycan SSR–də bütün SSRİ əhalisinin 2,5%–i yaşayırdı.[1] Azərbaycan SSR əhalisinin 54%–i şəhər yerlərində məskunlaşmışdı, ölkə ərazisinin isə hər km²–də orta sıxlıq 82.4 nəfər təşkil edirdi.[1]

Etnik tərkib

redaktə
Etnik qrup Siyahıyaalınmaların yekunlarına əsasən Azərbaycan SSR əhalisinin sayı və etnik tərkibi
1926[5] % 1937[6] % 1939[7][8] % 1959[9] % 1970[10] % 1979[11][12] % 1989[13] %
Cəmi 2 270 060 100.00 3 056 449 100.00 3 205 150 100.00 3 697 717 100.00 5 117 081 100.00 6 026 515 100.00 7 021 178 100.00
Azərbaycanlılar 1 437 977 63.35 1 778 798 58.19 1 870 471 58.36 2 494 381 67.46 3 776 778 73.81 4 708 832 78.14 5 804 980 82.68
Talışlar 77 323 3.41 99 145 3.24 87 510 2.73 85 0.00 21 169 0.30
Ruslar 220 545 9.72 479 008 15.67 528 318 16.48 501 282 13.56 510 059 9.97 475 255 7.89 392 304 5.59
Ermənilər 282 004 12.42 370 164 12.11 388 025 12.11 442 089 11.96 483 520 9.45 475 486 7.89 390 505 5.56
Ləzgilər 37 263 1.64 104 290 3.41 111 666 3.48 98 211 2.66 137 250 2.68 158 057 2.62 171 395 2.44
Avarlar 19 104 0.84 12 854 0.42 15 740 0.49 17 254 0.47 30 735 0.60 35 991 0.60 44 072 0.63
Ukraynalılar 18 241 0.80 23 643 0.74 25 778 0.70 29 160 0.57 26 402 0.44 32 345 0.46
Tatarlar 9 948 0.44 27 591 0.86 29 370 0.79 31 353 0.61 31 204 0.52 28 019 0.40
Yəhudilər 20 578 0.91 41 245 1.29 29 350 0.79 29 392 0.57 33 248 0.55 25 190 0.36
Axısqa türkləri 0 0.00 202 0.01 8 491 0.17 7 926 0.13 17 705 0.25
Gürcülər 9 452 0.42 10 196 0.32 9 526 0.26 13 595 0.26 11 412 0.19 14 197 0.20
Saxurlar 15 552 0.69 2 876 0.08 6 208 0.12 8 546 0.14 13 318 0.19
Kürdlər 41 193 1.81 10 878 0.36 6 005 0.19 1 487 0.04 5 488 0.11 5 676 0.09 12 226 0.17
Tatlar 28 443 1.25 56 933 1.86 5 887 0.16 7 769 0.15 8 848 0.15 10 239 0.15
Beloruslar 2 867 0.13 1 472 4 284 0.12 4 929 0.10 4 782 0.08 7 833 0.11
Udilər 2 445 0.11 3 202 0.09 5 492 0.11 5 841 0.10 6 125 0.09
Dağ yəhudiləri 10 270 0.45 10 899 0.36 10 324 0.28 11 653 0.23 2 123 0.04 5 484 0.08
Təsniflənməmiş 0 0.00 2 254 0.07 30 0.00 25 209 0.49 44 0.00 92 0.00
Digərləri 36 855 131 982 22 099 0.57 26 842 0.45 23 980 0.34

Ruslaşdırma siyasəti

redaktə

Cənubi Qafqazı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. 1931-ci ildə Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklər (azərbaycanlılar) olub. Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində — yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanlarında isə rusca aparılırdı.

Sonrakı dövrdə də Azərbaycanda güclü ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, kargüzarlıq, sənədləşdirmələr rus dilində aparılırdı.

. Hətta rus, rrusdilli qeyri-millətlərin nümayəndələri la ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı. Bu "ruslaşdırma siyasəti"ni ilk dəyişdirmək istəyənlərdən biri 1954–1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.[14]

Azərbaycan SSR Parlamenti

redaktə
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi — 1920
Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi — 1920–1938
Azərbaycan SSR Ali Soveti — 1938–1991

Mədəniyyət

redaktə
 
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

1920–1930-cu illərin Sovet Azərbaycanı memarlığı üçün konstruktivizm ideyasının hakim olması xarakterikdir. Həmin dövr memarlar Aleksey Şusev, Vesnin qardaşları, S. S. Pen, Q. M. Ter-Mikelov, həmçinin memar Mikayıl Hüseynovun yaradıcılığının erkən dövrü ilə əlaqəlidir. 1934-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi İcrayə konstruktivizm üslubunu tənqid edən və milli memarlıq ənənələrinə qayıtmağa çağıran qərar verdi.[15] Konstruktiv stil Azərbaycanda oturuşmağa imkan tapmamış, 30–40-cı illərdə yaradıcılığında klassik memarlıq ənənələri və milli memarlığın elementlərini birləşdirən S. A. Dadaşov, V. A. Munts və Mikayıl Hüseynovun təsiri Azərbaycan memarlığında hiss edilməyə başlayır. Bu sırada Mikayıl Hüseynovun yaradıcılığı xüsusilə fərqlənir. Həmin dövrün "klassik-milli memarlıq üslubu"nda inşa edilmiş əsərlər arasında Hökumət Evi (1934), Bakı Musiqi Akademiyası (1936), Azərbaycan Milli Kitabxanası (1947), Milli Ədəbiyyat Muzeyi (1940), AMEA binası (1948–1960) xüsusilə diqqəti cəlb edir. 1936-cı ildə Azərbaycan Memarlar İttifaqının əsası qoyulmuşdur. 1969–1982-ci illərdə ölkəni idarə etmiş Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan memarlarını müasir və milli memarlıq elementlərini öz yaradıcılıqlarında birləşdirməyə çağırmışdı.[15] Həmin dövrün memarlıq nümunələri arasında Bakı metropoliteninin Nizami (1970) və Elmlər Akademiyası (1976) stansiyaları, Zaqulba qonaq evi, Azadlıq prospektindəki yaşayış binaları, Gəncədə Kəpəz hoteli (1973), Bakıda Abşeron hoteli (1965) diqqət çəkir.

Sovet dövründə Azərbaycan ədəbiyyatı yaradıcılıq azadlığını təhlükə hesab edən bir sistemlə idarə edilirdi. Azərbaycan yazıçıları və intellektuallarının fəaliyyətinə nəzarət edilir və onlar təqibə məruz qalırdı.[16][17] Bu dövrdə bir çox Azərbaycan yazıçısı Stalin repressiyasına məruz qaldı. 1927-ci ildə Azərbaycan Proletar Yazıçıları Assosiasiyası yaradıldı, 1932-ci ildə isə ləğv edildi. Həmin il Azərbaycan Yazıçılar Birliyi yaradıldı. Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı daxildir. Bu dövrdə Səməd Vurğunun yığcam və diskrit üslubu Azərbaycan ədəbiyyatının müasir formasının formalaşmasına səbəb oldu, onu arxaizmlərdən təmizlədi.[18] XX əsrin sonlarına yaxın Bəxtiyar Vahabzadə 70 şeir məcmuəsi və 20 poeması ilə şöhrət qazandı. Onun "Gülüstan" poeması Rusiya və İran arasında bölünən Azərbaycan xalqı və onun birləşmək arzusuna həsr edilib.[19]

 
Stalin təsviri ilə "Koroğlu" operasının afişası

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov sovet dövründə məşhur "Koroğlu" operasını yazmışdır. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[20][21] 40-cı illərdə "Xosrov və Şirin" (Niyazi), "Vətən" (Cövdət Hacıyev) və Qara Qarayev), "Nizami" (Əfrasiyab Bədəlbəyli) və s. operalar yazıldı. 1972-ci ildə Şəfiqə Axundova "Gəlin qayası" operasını yazaraq Azərbaycanda ilk opera yazan qadın bəstəkar oldu.[22]

20-ci illərdə Azərbaycan kinosunun mövzuları cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı idi. 1929-cu il də Amo Bek-Nazarovun rejissorluğu ilə çəkilmiş "Sevil" filmi Azərbaycan qadınını real şəkildə təsvir edirdi. Bu dövrdə həmçinin Bakıdakı yaşayışı, neft sənayesini təsvir edən filmlər çəkilirdi. 30-cu illərin əvvəllərində məişət və tarixi-inqilabi mövzulu filmlər istehsal edilirdi.[23] 1936-cı ildə Boris Barnetin rejissorluğuyla ilk Azərbaycan səsli filmi olan "Mavi dənizin sahilində" çəkilmişdir.[24] Böyük Vətən müharibəsi dövründə (1941–1945) müharibə qəhrəmanlarına aid "Vətən oğlu" və "Bəxtiyar" qısametrajlı bədii filmləri, "Sualtı qayıq T-9" və "Bir ailə" tammetrajlı bədii filmləri çəkilmişdir. "Arşın mal alan" operettasınin 1945-ci il ekranizasiyası 136 ölkədə göstərilir və 86 dilə tərcümə edilir.[25] Yalnız SSRİ-də 16 milyondan çox izləyici toplayan filmin yaradıcı kollektivi Stalin mükafatı ilə təltif edilir.[26] 40-cı illərin sonu—50-ci illərin əvvəllərində "Fətəli xan" və "Bakının işıqları" kimi bədii-sənədli və publisistik filmlər çəkilmişdir.[23] 1951-ci ildə "Sovet Azərbaycanı" filmi Kann kinofestivalında "Qısa Film Münsiflər heyəti Xüsusi Mükafatı"nı qazanıb.[27] 50-ci illərin sonu—60-cı illərin əvvəllərində "Qızmar günəş altında", "Onun böyük ürəyi", "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Böyük dayaq", "Telefonçu qız" kimi fərqli peşə sahiblərinin əməyini əks etdirən filmlər çoxluq təşkil etmişdir. 60-cı illərin əvvəllərində Koroğlu dastanının əsasında çəkilmiş eyniadlı filmMəhəmməd Füzulinin Leyli və Məcnun əsəri əsasında çəkilmiş "Məhəbbət dastanı" filmi ilə Azərbaycan kimetoqrafında rəngli filmlərin istehsalı genişlənir.[23] Arşın mal alan filmindən sonra "Görüş", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", 1965-ci il "Arşın mal alan" ekranizasiyası, "Qaynana" kimi filmlərlə musiqili komediya janrı Azərbaycan kinematoqrafında üstünlük təşkil etmişdir. 70-ci illərdə "Nəsimi", "Dədə Qorqud", "Babək" kimi tarixi mövzulu filmlər çəkilmişdir. 70-ci illərin sonu—80-ci illərdə İkinci Dünya müharibəsi ilə bağlı "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi filmlər çəkilmişdir. 80-ci illərdə Azərbaycan kinosunda mənəviyyat və əxlaq mövzusu önə çıxmışdır. Bu dövrdə "Park", "Özgə ömür", "Ölsəm, bağışla", "Gümüşü furqon", "Babamızın babasının babası", "Bağ mövsümü", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" kimi filmlər işıq üzü görmüşdür[23]

Bayraqları

redaktə

Qeydlər

redaktə
  1. Həmçinin Azərbaycan Sosialist Şura Cümhuriyyəti (az.-əski. آذربایجان سوسیالیست شورﺎ جومهوریتی, Azərbajcan Sosjalist Зyra Cumhyrijjəti‎)[2], Azərbaycan SSR (azərb-kiril. Азәрбајҹан ССР, rus. Азербайджанская ССР), AzSSR (azərb-kiril. АзССР) və ya Sovet Azərbaycanı (azərb-kiril. Совет Азәрбајҹаны, rus. Советский Азербайджан) kimi də tanınır.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Краткая информация о республиках, входивших в СССР, стр. 4. // СССР и страны мира в цифрах. Справочное издание. Автор: И. Г. Калабеков. Москва: издательство «Третий Рим», 2015, 239 стр. ISBN 9785990521315
  2. Azərbajcan Sosjalist Зyra Cumhyrijjətinin Kanyni-Əsasisi (1927-ci il 26 martda umym Azərbajcan V Зyralar Kyryltaji tərəfindən təsdik edilmiзdur). Baqı̡: Azərnəзr.
  3. "Азербайджанская Советская Социалистическая Республика". Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası — Azərbaycan İqtisadiyyatı [ölü keçid]
  5. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР :Закавказская СФСР/Азербайджанская ССР Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine---Источник: Всесоюзная перепись населения 1926 года. М.: Издание ЦСУ Союза ССР, 1928–29. Том 10–16. Таблица VI. Население по полу, народности.---А также Excel файл Arxivləşdirilib 2019-11-27 at the Wayback Machine
  6. Всесоюзная перепись населения 1937 года: общие итоги. Сборник документов и материалов. Составители: Б. В. Жиромская, Ю. А. Поляков, Издательство: Российская политическая энциклопедия, Москва, 2007-ой год, ISBN 5-8243-0337-1, страница 107
  7. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2012-02-03. İstifadə tarixi: 3 sentyabr 2015..
  8. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-08-13. İstifadə tarixi: 13 avqust 2015.
  9. "Всесоюзная перепись населения 1959 г. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2012-02-03. İstifadə tarixi: 3 sentyabr 2015..
  10. "Всесоюзная перепись населения 1970 г. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2012-02-03. İstifadə tarixi: 3 sentyabr 2015..
  11. "Всесоюзная перепись населения 1979 г. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2011-08-26. İstifadə tarixi: 31 iyul 2015..
  12. Раздел второй. Этнодемографический обзор регионов и стран мира. — Глава третья. Союз Советских Социалистических Республик, стр. 210. // Население мира. Этнодемографический справочник. Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine Автор: Соломон Ильич Брук. Ответственный редактор: доктор исторических наук, профессор П. И. Пучков. Академии наук СССР. Институт этнографии имени Н. Н. Миклухо–Маклая. Москва: Издательство "Наука", 1981, 880 стр.
  13. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР: Азербайджанская ССР — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2011-08-26. İstifadə tarixi: 7 iyul 2015..
  14. "Azərbaycanın aprel işğalı". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  15. 1 2 Ilham Aliyev. "The Soviet Period of Architecture in Azerbaijan". Azerbaijan International. Winter 1998. 2010-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
  16. "Azerbaijan Arxivləşdirilib 2015-09-05 at the Wayback Machine". Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2016. Web. 24 Apr. 2016.
  17. Suny, Ronald (1996). Armenia, Azerbaijan, and Georgia. DIANE Publishing. p. 108. ISBN 0-7881-2813-2.
  18. Самед Вургун — Жизнь и творчество, Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine Сайт Самеда Вургуна.
  19. "Анар, ТОФИК МЕЛИКЛИ. Умер Бахтияр Вагабзаде, NIRA Aksakal". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
  20. Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. — Routledge, 2004. — С. 211. — ISBN 0-415-30219-6, 9780415302197
  21. Charles van der Leeuw. Azerbaijan: A Quest for Identity. — Palgrave Macmillan, 2000. — С. 102. — 256 с. — ISBN 978-0-312-21903-1. (eng.)
  22. Ахундова Шəфигə Гулам гызы / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1976. — Т. 1. — С. 501.
  23. 1 2 3 4 azerbaijan.az. "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920–1935), AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR, AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ". 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
  24. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  25. "Мамедова М. Аршин Мал Алан, или как Сталин приказал "Голливуд переплюнуть" // Труд : газета. — 17 Апреля 2003". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
  26. Культура / Аршин мал алан (рус.). Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine Газета "Аргументы и Факты". Проверено 30 июня 2010.
  27. "AZERBAIDJAN SOVIETIQUE". 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.

Xarici keçidlər

redaktə
  • Azərbaycan tarixi 7 cilddə: