Əliqulu Qəmküsar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliqulu Qəmküsar
Əliqulu Həcəfov
Doğum tarixi
Doğum yeri Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası
(hazırkı Naxçıvan, Azərbaycan)
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Tiflis, Gürcüstan Demokratik Respublikası
Dəfn yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Əliqulu Qəmküsar Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir.

Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.

Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.

1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir.

Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]