Azərbaycan Yazıçılar Birliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Yazıçılar Birliyi
Loqonun şəkli
Növü İctimai Təşkilat
Yaranma tarixi 13 iyun 1934
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı, Azərbaycan, Xaqani küç., 53 AZ 1000
Üzvləri 1500
azyb.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Yazıçılar Birliyi — Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır.

Azərbaycan Yazıçılar Birliyi binasında repressiyaya uğramış Azərbaycan yazıçılarına həsr edilmiş memorial lövhə

Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. "Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. "Maarif və mədəniyyət" jurnalında (indiki "Azərbaycan" jurnalında), "Kommunist" və "Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağırıldı.

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.

AYB-nin 80 illiyinə həsr olunmuş “Səksəninci səhifə” adlı film çəkilmişdir.[1]

Təşkilatın rəhbərləri

[redaktə | mənbəni redaktə et]
  1. 1934 – 1936 Məmmədkazım Ələkbərli
  2. 1936 – 1938 Seyfulla Şamilov
  3. 1938 – 1939 Rəsul Rza
  4. 1939 – 1940 Süleyman Rəhimov
  5. 1941 – 1944 Səməd Vurğun
  6. 1944 – 1945 Süleyman Rəhimov
  7. 1945 – 1948 Səməd Vurğun
  8. 1948 – 1954 Mirzə İbrahimov
  9. 1954 – 1958 Süleyman Rəhimov
  10. 1958 – 1965 Mehdi Hüseyn
  11. 1965 – 1975 Mirzə İbrahimov
  12. 1975 – 1981 İmran Qasımov
  13. 1981 – 1986 Mirzə İbrahimov
  14. 1986 – 1987 İsmayıl Şıxlı
  15. 1987 – hal-hazırda Anar[2]

İdarə aparatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsi

[redaktə | mənbəni redaktə et]

I.Adı, məqsədi, vəzifələri, ümumi müddəalar

I.1. Azərbaycan Yazıçılar Birliyi - Azərbaycan Respublikasında və ondan kənarda yaşayan, Azərbaycan dilində və digər dillərdə yazan peşəkar Azərbaycan yazıçılarının könüllü müstəqil ictimai təşkilatıdır. Azərbaycan Yazıçılar Birliyi müstəqil, hüquqi şəxsdir.

Azərbaycan Yazıçılar Birliyi öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, öz Nizamnaməsinə müvafiq hərəkət edir.

Azərbaycan Yazıçılar Birliyinin ünvanı: Bakı şəhəri, Xaqani küçəsi 25-dir.

I.2. Azərbaycan Yazıçılar Birliyinin məqsədi aşağıdakılardır:

  • klassik ədəbi irsin keşiyində durur, çağdaş yazıçıların yaradıçılığını müzakirə, təqdim və təbliğ edir; Yazıçılar Birliyi üzvlərinin yaradıcılığı və müxtəlif ədəbi qurumların, dərnəklərin, məclislərin səmərəli fəaliyyəti və ümumən ədəbi prosesin gedişatı üçün şərait yaradır;
  • Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda peşəkar Azərbaycan yazıçılarının hüquqlarını qoruyur;
  • Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi sahəsində fəaliyyətin genişlənməsinə kömək edir;
  • Azərbaycan ədəbiyyatının tərcüməsi, təbliği və Azərbaycan ədəbi dilinin təmizliyinin qorunub saxlanması qayğısına qalır;
  • beynəlxalq miqyasda ədəbi əlaqələrin yaranması və genişlənməsi ilə bağlı tədbirləri həyata keçirir, dünya ölkələrində fəaliyyət göstərən ədəbi-mədəni təşkilatlarla münasibətlər qurur, Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxmasına çalışır.

I.3. Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün müstəqil maliyyə-təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, qanunvericiliyə uyğun olaraq Respublikanın və xarici ölkələrin bank müəssisələrundə milli və xarici valyuta hesabı açmaq hüququ vardır, adı qeyd olunmuş möhür, ştamp, blank və digər rekvizitlərə malikdir.

Azərbaycan Yazıçılar Birliyinin digər hüquqları:

  • -azad nəşriyyat fəaliyyəti göstərmək;
  • -müxtəlif bülletenləri, qəzetləri, jurnalları nəşr etdirmək;
  • -nəşriyyat, yaradıcılıq evi, kitab mağazaları, bədii salonlar, elm, istehsalat, təsərüffat idarə və müəssisələri yaratmaq və bağlamaq;
  • -Azərbaycan Respublikasında və xarici ölkələrdə müxtəlif yaradıcılıq birlikləri, birgə müəssisələr, mədəniyyət cəmiyyətləri ilə müqavilə və sazişlər bağlamaq.

II. Azərbaycan Yazıçılar Birliyinin quruluşu

II.1. Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Yazıçılar İttifaqının hüquqi varisidir.

II.2.Azərbaycan Yazıçılar Birliyinin tərkib hissəsi kimi aşağıdakı təşkilat, müəssisə və mətbuat orqanları fəaliyyət göstərir:

Azərbaycan Yazıçılar Birliyinin tərkibində -

  • Naxçıvan Yazıçılar Birliyi;
  • Qazax bölməsi;
  • Qarabağ bölməsi;
  • Quba bölməsi;
  • Gəncə bölməsi;[4]
  • Lənkəran bölməsi;
  • Sumqayıt bölməsi;
  • Xəzər bölməsi;
  • Şirvan bölməsi;
  • Şəki bölməsi;
  • Mingəçevir bölməsi;
  • Aran bölməsi;
  • Moskva bölməsi;
  • Borçalı bölməsi;
  • Göyçə-Zəngəzur bolməsi - fəaliyyət göstərir.
  • Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi;
  • "Azərbaycan Ədəbiyyat Fondu";
  • Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosu;
  • yazıçıların Şüvəlandakı S.Vurğun adına Yaradıcılıq Evi;
  • yazıçıların poliklinik

II.3.Azərbaycan Yazıçılar Birliyinin tərkibində olan zona bölmələri, Ədəbiyyat Fondu, Tərcümə Mərkəzi, Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosu, Şüvəlan Yaradıcılıq Evi, redaksiyalar və digər idarə və müəssisələr Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına öz fəaliyyəti barədə hesabat verir.

II.4.Azərbaycan Yazıçılar Birliyi katibliyinin bölmələri, digər yaradıcı təşkilatları, yeni ədəbi orqanları və sair yaratmaq, tərkibində olan dərgiləri, qəzetləri və qurumları bağlamaq hüququ var.

III. Rəhbər orqanlar və onların səlahiyyəti

III.1.Azərbaycan Yazıçılar Birliyinin ali orqanı Qurultaydır. Qurulyat beş ildən bir çağrılır. Qurultay nümayəndələri İdarı Heyətinin (Məclisin) tərkibini müəyyən edir. İdarə Heyətinin (Məclisin), Ağsaqqallar Şurasının üzvləri, Yazıçılar Birliyinin sədri və katibləri, Gənclər Şurasının üzvləri yerli bölmələrin və seksiyaların rəhbərləri Qurultay nümayəndələri hesab olunurlar. Digər nümayəndələr - şer, nəsr, dramaturgiya, tənqid, tərcümə, uşaq ədəbiyyatı seksiyalarının ayrı-ayrı keçirilən ümumi yığıncaqlarında, eləcə də Naxçıvan Yazıçılar Birliyinin, yerli bölmələrin toplantılarında seksiya və bölmə üzvlərinin sayına görə beş nəfərdən biri kimi seçilir.

III.2.Azərbaycan yazıçılarının Qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz), 31 nəfərdən ibarət İH üzvlərini (adbaad və açıq), 21 nəfərdən ibarət gənclər şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir.

Ağsaqqallar Şurası, İdarə heyəti, Gənclər Şurası üzvləri həlledici səslə eyni statusa malikdirlər.

Sədr Yazıçılar Birliyinin işinə ümumi rəhbərlik edir.

İcra Aparatı katiblərdən və şpbələrdən formalaşdırılır.

Katiblər aşağıdakı vəzifələri həyata keçirir.

  • -birinci katib İcra Aparatına rəhbərlik edir və sədr vəzifələrini müvəqqəti icra etmədikdə onu əvəzləyir.

Katiblər bölgə qurumlarının və Azərbaycan Yazıçılar Birliyi strukturuna daxil olan qurumların, seksiyaların, redaksiyaların işini əlaqələndirir, müxtəlif tədbirlər keçirir, layihələr hazırlayır, xaricdə fəaliyyət göstərən qurumlar və beynəlxalq təşkilatların müvafiq strukturları ilə əlaqələr qurur, bu istiqamətdə tədbirlər hazırlayır. Katiblər İcra Aparatı, seksiyalar, redaksiyalar, bölmələr, xarici əlaqələr, gənclərlə iş və maliyyə-təsərrüfat işlərinə nəzarət edir:

  • -gənclər üzrə katib gənclərlə iş birliyi qurur;
  • -təşkilat katibi maliyyə-təsərrüfat işlərinə nəzarət edir;
  • -Ağsaqqallar Şurası - xalq şairləri və xalq yazıçılarından, Milli Elmlər Akademiyasının ədəbiyyatşünaslıq üzrə həqiqi və müxbir üzvlərindən seçilir;
  • -Ağsaqqallar Şurasının sədrini üzvlər özləri seçir;
  • -katiblik yanında Gənclər Şurası yaranır. Sədrini Şura üzvləri özləri seçirlər.

III.4.İdarə Heyətinin vəzifə və səlahiyyətləri:

Azərbaycan Yazıçılar Birliyinin qurultaylararası dövrdəki fəaliyyətinin nəticələrini qiymətləndirir. Nizamnaməyə əlavələr, dəyişikliklər edilməsi barədə qərarlar qəbul edir və növbəti Qurultayın müzakirəsinə çixarır.

Azərbaycan Yazıçılar Birliyinin strukturuna daxil olan qəzetin, dərgilərin, topluların baş redaktorlarını, Tərcümə Mərkəzinin sədrini və ədəbi orqanlarının baş redaktorlarını, bölgə rəhbərlərinin, Ədəbiyyat Fondunun sədrinin, Ədəbiyyatı Təbliğ Bürosunun sədrinin namizədliyini katibliyin təklifi ilə təsdiq edir.

Fövqəladə hallarda Azərbaycan Yazıçılar Birliyi sədrinin, İdarə Heyəti üzvlərinin üçdə ikisinin xahişi ilə növbədənkənar Qurultay çağırıla bilər. Sədr öz fəaliyyətini dayandırdıqda növbədənkənar Qurultay çağırılanadək sədrin vəzifəsini Birliyin birinci katibi icra edir. Azərbaycan Yazıçılar Birliyinin sədri, İcra Aparatı və İdarə heyəti Qurultayın qəbul etdiyi qərarları növbəti Qurultaya qədər həyata keçirir.

III.5. Qurultay tərəfindən seçilmiş təftiş komissiyası öz sədrini seçir. Beş nəfərdən ibarət təftiş komissiyası Azərbaycan Yazıçılar Birliyinin maliyyə fəaliyyətinə nəzarət edir və yoxlamanın nəticəsini İdarə Heyətinə (Məclisə) təqdim edir.

IV.Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul Üzvlükdən xaric olunmağın qaydaları və şərtləri

IV.1. Peşəkar ədəbi yaradıcılıqla məşğul olan hər bir şəxs Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün birinci katibə ərizə ilə müraciət etməlidir. Birinci Katib həmin müraciəti katibliyin təqdimatı ilə İdarə Heyətinin formalaşdırdığı ekspertlər qurumuna təqdim edir. Ekspertlər qurumunun rəyi İH-yə təqdim olunur və İH həmin şəxsin üzvlüyə qəbulu məsələsini sadə səs çoxluğu ilə həll edir.

IV.2.Azərbaycan Yazıçılar Birliyi üzvləri üzvlük haqqı ödəməlidirlər.

IV.3.Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, Azərbaycan ədəbiyyatı qarşısında xüsusi xidmətləri olan yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilə bilər. Fəxri üzvlüyə qəbul Azərbaycan Yazıçılar Birliyi rəhbər orqanlarının - katibliyinin, yaxud İH-nin qərarı ilə həyata keçirilir.

IV.4.Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Azərbaycan Yazıçılar Birliyi üzvlərinin bütün hüquqlarına malikdir, aşağıdakı hallradan başqa:

  • -Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına seçilmək hüququ yoxdur;
  • -Azərbaycan Yazıçılar Birliyi rəhbər orqanlarının qərarı olmadan Azərbaycan Yazıçılar Birliyinin məhəlli şöbəsini yaratmaq hüququ yoxdur.

IV.5.Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü üzvlük haqqı verməkdən azaddır.

IV.6.Azərbaycan Yazıçılar Birliyi üzvləri və fəxri üzvləri vahid üzvlük vəsiqəsi ilə təmin edilirlər.

IV.7.Azərbaycan Yazıçılar Birliyi üzvləri və fəxri üzvləri Azərbaycan Yazıçılar Birliyi katibliyinə müraciət edib könüllü surətdə üzvlükdən çıxa bilərlər. Xüsusi hallarda Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric olunma məsələsi Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarının müzakirəsinə verilib səs çoxluğu ilə həll edilə bilər.

IV.8.Azərbaycan Respublikasını tərk edən Azərbaycan Yazıçılar Birliyinin hər bir üzvünün bu təşkilatın üzvü qalmaq hüququ var.

  1. “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib: [AYB-nin 80 illiyinə həsr olunmuş filmin təqdimatı haqqında] //Ədəbiyyat qəzeti.- 2015.- 9 yanvar.- S.16.
  2. "AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ-75". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
  3. "Azərbaycan Yazıçılar Birliyinin tarixi". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  4. ARB Şəki. "Bölgələrdə ədəbi mühit" (az.). Youtube.com. 27.09.2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]