Bakı xanlığı
Xanlıq[1] | |||
Bakı xanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Bakı | ||
Rəsmi dilləri |
Azərbaycan dili (danışıq dili),[2] fars dili (rəsmi)[3][4] |
||
Dövlət dini | İslam (Şiəlik) | ||
Ərazisi | 3500 kv.km | ||
Əhalisi | Azərbaycan türkləri,tatlar - 12000[5][6][7][8][9][10] | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xan | |||
• 1747–1768 | I Mirzə Məhəmməd xan (ilk) | ||
• 1792–1806 | Hüseynqulu xan (son) | ||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
Bakı xanlığı (az.-əski. باکی خانلیغی, fars. خانات باکو) — XVIII əsrdə müasir Azərbaycan Respublikasının ərazisində yaranmış, paytaxtı Bakı şəhəri olan feodal dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]1740-cı illərdə Abşeron yarımadasında yaranmış dövlətdir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa, şahın Bakıdakı əlaltısı Səlimi qovmuş və özünü müstəqil xan elan etmişdi. Bakı xanlığı Şərq feodal dövlətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən dövlət qurumu idi. Bakı xanlığına 39 kənd daxil idi. Təsərrüfatında neft, duz və zəfəran istehsalı, bağçılıq, balıqçılıq, maldarlıq və s.əsas yer tuturdu; toxuculuq, zərgərlik, boyaqçılıq, dulusçuluq, dəmirçilik və s. sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 18-ci əsrin ortalarında 50-dən çox idi. 19-cu əsrin əvvəlində onların sayı 100-ə çatmışdı; ildə 240 min puddan çox neft çıxarılırdı. Xanlıqda neft quyuları, bazarlar, dükanlar və s. iltizama verilirdi. Xanlığın mərkəzi olan Bakı şəhəri Avropa ölkələri, Rusiya, İran, Hindistan və s. ilə tranzit ticarətdə mühüm rol oynayırdı. Neft, duz və zəfəran ticarətdə əsas yer tuturdu. Bakı xanlığında Rusiya, Hindistan və s. ölkələrdən gəlmiş tacirlərə də rast gəlmək olurdu. Bakıda pul kəsilirdi. Bakı xanlığında bütün hakimiyyət, torpaq, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə məxsus idi. Xanlıqda malcəhət, töycü, daruğalıq, vəzirlik və s. kimi onlarca vergi mövcud idi. Bakı xanlığında I Mirzə Məhəmmədin dövründə iqtisadiyyat və ticarət inkişaf etmişdi. I Mirzə Məhəmməd Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi diqqət yetirirdi. Onun oğlu Məlik Məhəmməd xanın hakimiyyəti dövründə Bakı xanlığı müstəqilliyini itirdi. Şimal-Şərqi Azərbaycan torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan Bakı xanlığını özündən asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verdi. Məlik Məhəmməd xanın vəfatından sonra oğlu II Mirzə Məhəmməd Bakı xanı oldu.
Fətəli xanın ölümündən sonra (1789) Quba xanlığı ətrafında birləşdirilmiş xanlıqlar, o cümlədən Bakı xanlığı özlərini müstəqil elan etdilər. Xanlıqda hakimiyyət uğrunda II Mirzə Məhəmməd xanla əmisi Məhəmmədqulu xan arasında mübarizə başlandı. Quba xanlığından kömək alan Məhəmmədqulu xan qalib gəldi və özünü xan elan etdi. Onun ölümündən sonra (1792) Bakı xanlığında hakimiyyət uğrunda yenidən mübarizə başlandı. Bu mübarizədə qalib gələn Məhəmmədqulu xanın qardaşı oğlu Hüseynqulu xan hakimiyyəti ələ aldı.
Hüseynqulu xanın (1792–1806) dövründə Azərbaycanın beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Ağa Məhəmməd şah Qacar Azərbaycana hücuma hazırlaşırdı. Çar Rusiyası da Xəzərsahili vilayətləri, o cümlədən Bakı xanlığını tutmağa çalışırdı. Belə bir şəraitdə hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan Rusiyanın himayəsini qəbul etdi və II Yekaterina 1793-cü il aprelin 19-da bu barədə fərman verdi, lakin Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı (1795) bu əlaqələr kəsildi. Bir qədər sonra Azərbaycanın bəzi xanları kimi Bakı xanı da öz elçisini Rusiyaya yolladı. Xanların xahişini nəzərə alan II Yekaterina 1796-cı ildə Rusiya qoşunlarını Azərbaycana göndərdi. Hüseynqulu xan yenidən Rusiyanın himayəsini qəbul etdi. Xəzərdəki Rusiya donanması Bakı limanına daxil oldu. II Yekaterinanın ölümündən (1796) sonra Rusiya qoşunları Azərbaycandan geri çağırıldı. Hakimiyyətini saxlamağa çalışan Hüseynqulu xan 1797-ci ildə Şuşanı zəbt etmiş Ağa Məhəmməd şah Qacarın yanına gedərək ona tabe olduğunu bildirdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra hakimiyyəti ələ alan Fətəli şah və Rusiya çarı I Aleksandr Azərbaycanı, o cümlədən Bakı xanlığını tutmağa can atırdılar. Rusiyanın daha güclü olduğunu nəzərə alan Hüseynqulu xan 1803-cü ildə Rusiyanın himayəsini qəbul etdi, lakin çox keçmədən Bakı və Şamaxı əyanlarının təzyiqi ilə Rusiyanın himayəsindən boyun qaçırmağa (1804) məcbur oldu. Bir sıra Azərbaycan xanlığını Rusiyaya birləşdirmiş general P. D. Sisianovun qoşunu Bakı xanlığına hücum etdi. O, Bakını təslim etmək haqqında Hüseynqulu xanla danışıqlar apardığı zaman öldürüldü (1806, fevral); rus qoşunları geri çəkildi. 1806-cı il oktyabrın 3-də Rusiya qoşunu Bakını zəbt etdi. Bakı xanlığı ləğv olundu; onun ərazisi Rusiyaya birləşdirildi
Xanlığın yaranması və təsərrüfat həyatı
[redaktə | mənbəni redaktə et]Nadir şah öldürüldükdən sonra Səfəvilər (Raziya Sultan) yenidən hakimiyyəti əla aldı. Azərbaycan da isə XVIII ortalarında müstəqil xanlıqlar yarandı. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığı Quba, Şamaxı və Cavad xanlıqları ilə həmsərhəd idi. Xanlığın tərkibinə 39 kənd daxil idi: Maştağa, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan, Türkan, Kürkənd, Zirə, Qala, Hövsan, Ramana, Zabrat, Məhəmmədi, Digah, Fatmayı, Görədil, Pirşağı, Kürdəxanı, Keşlə, Əhmədli, Zığ, Əmircan, Bülbülə, Sabunçu, Binəqədi, Masazır, Novxanı, Şağan, Saray, Corat, Şüvəlan, Güzdək, Qobu, Xocahəsən, Biləcəri, Pirəkəşkül, Suraxanı, Balaxanı, Bibiheybət.[11]
Xanlığın təsərrüfatında neft, duz və zəfəran istehsalı, balıqçılıq, maldarlıq əsas yer tuturdu. Burada toxuculuq, zərgərlik, boyaqçılıq, misgərlik kimi sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 50-dən çox idi. Bu quyulardan ildə 240 min pyddan çox neft istehsal olunurdu. Xanlıqda neft quyuları, bazarlar, dükanlar müqatiəyə (iltizama) verilirdi. Xanlığın mərkəzi Bakı şəhəri Avropa ölkələri, Rusiya, İran, Osmanlı imperiyası, Hindistan ilə tranzit ticarətdə mühüm rol oynayırdı. Xanlıqda pul da kəsilirdi.[12][13] Bakı xanlığında bütün hakimiyyət, torpaq, yeraltı və yerüstü sərvətlər xana və onun ailə üzvlərinə mənsub idi. Xanlıqda mövcud olan malcəhət, töycü, darğalıq, vəzirlik və s. onlarla vergi əhali üçün ağır yükə çevrilmişdi.
Bakı xanlığının banisi I Mirzə Məhəmməd xan (1748–1768) olmuşdur. Hakimiyyətdə olduğu 20 il ərzində I Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Həm də admiral olan Mirzə Məhəmməd xan mal daşınması və hərbi məqsədlər üçün gəmiqayırma işinə şəxsən özü rəhbərlik etmişdi. Onun oğlu Məlik Məhəmməd xanın dövründə (1768–1784) Bakı xanlığı, demək olar ki, müstəqilliyini itirmişdi. Şimal-şərqi Azərbaycan torpaqlarını Quba xanlığına birləşdirməyə çalışan Fətəli xan Bakı xanını özündən asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Məlik Məhəmməd xana ərə vermişdi. Xədicə Bikənin təsiri ilə tezliklə Bakı xanlığı Fətəli xanın vassalına çevrilmişdi.
Məlik Məhəmməd xanın ölümündən sonra Bakı taxtına oğlu II Mirzə Məhəmməd xan (1784–1791) çıxmışdı. II Mirzə Məhəmməd xan Azərbaycanın məşhur tarixçisi, şairi, maarifçisi Abbasqulu ağa Bakıxanovun atası idi.[14] Qubalı Fətəli xanın ölümündən sonra II Mirzə xan Bakı xanlığının müstəqilliyinin bərpa edilməsinə nail oldu, lakin xanlıqda II Mirzə Məhəmməd xanla əmisi oğlu Hüseynqulu xan arasında hakimiyyət uğrunda mübarizə başlanmışdı. Bu mübarizədə Hüseynqulu xan (1792–1806) qalib gələrək hakimiyyəti ələ keçirdi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1796-cı ilə olan məlumata əsasən xanlığın ərazisində (Bakı şəhəri də daxil olmaqla) 1820 ev var idi. Təxminlərə əsasən bütün xanlıq ərazisində əhalinin sayı (qadınlar və kişilər) 9100 nəfər (ortalama hər evə 5 nəfər) olmuşdur. 1796-cı ilin məlumatına əsasən xanlıq ərazisində Bakı şəhərindən sonra ən çox əhaliyə sahıb olan yaşayış məntəqəsi Maştağa kəndi idi (350 ev). 1810-cu ildə general-leytinant Repininin hazırladığı hesabata əsasən Bakı xanlığının ərazisində 3245 ev var idi, onun 931 i Bakı şəhərində 2314-ü isə kəndlərdə yerləşirdi. Elə həmin hesabata əsasən xanlığın cəmi əhalisi 15244(qadınlar və kişilər) nəfəri təşkil etmişdir. Bu hesabat həmin tarixə əsasdır. 1810-cu ilə aid qeyd edilən hesabata əsasən Bakı şəhərindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsi Maştağa kəndi (362 evdə hər iki cinsdən cəmi 1630 nəfər əhali) olmuşdur. Xanlıqlar dövründə Bakı xanlığı 39 kənddən ibarət idi və cəmi 500 nəfərlik qoşunu vardı.
Xarici siyasəti
[redaktə | mənbəni redaktə et]Hüseynqulu xanın dövründə bu regionda beynəlxalq vəziyyət çox mürəkkəb idi. Rusiya və İran Bakı xanlığını ələ keçirməyə çalışırdılar. Rusiya hökmdarı II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanı ilə Bakı xanlığı Rusiyanın himayəsinə keçdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza I yürüşü zamanı Bakı xanlığının da ələ keçirilməsi onun planlarında mühüm, əsas yer tuturdu. II Yekaterinanın ölümü və hakimiyyətə gələn I Pavel tərəfindən rus qoşunlarının geri çağrılmasından istifadə edən Hüseynqulu xan Ağa Məhəmməd şah Qacara meyl etdi, lakin Ağa Məhəmməd şahın 1797-ci ildə Şuşada öldürülməsindən sonra Bakı xanlığının müstəqilliyi yenidən bərpa olundu, lakin bu uzun çəkmədi. 1803-cü ildə Hüseynqulu xan yenə də Rusiyanın himayəsini qəbul etməyə məcbur oldu. 1804-cü ildə isə bu asılılıqdan imtina etdi.
Xanlığın Rusiya tərəfindən işğalı
[redaktə | mənbəni redaktə et]Xanlığın işğalına dair Rusiyanın planları
[redaktə | mənbəni redaktə et]Hüseynqulu xanın dövründə (1792–1806) Rusiya və İran Bakı xanlığını tutmağa çalışırdı.II Yekaterinanın 1793-cü il 19 aprel tarixli fərmanı ilə xanlıq Rusiyanın himayəsinə keçdi. İran və Rusiya Azərbaycan, o cümlədən Bakı xanlığı uğrunda mübarizəyə başladılar. Bu mübarizə Rusiyanın xeyrinə başa çatdı.1796-cı ildə Bakı ruslar tərəfindən işğal olundu, lakin 1803-cü ildə Hüseynqulu xan yenə də Rusiyanın himayəsini qəbul etməli oldu,1804-cü ildə isə bu asılıqdan imtina etdi.
Rusiya-İran müharibəsinin (1804–1813) gedişində Azərbaycanın qərb torpaqlarını ələ keçirən Rusiyanın qarşısında duran əsas vəzifələrdən biri də Bakı xanlığının işğal olunması idi. Sisianov Bakı üçün Gəncə faciəsindən də qəddar bir plan hazırlamışdır. Bu planda şəhərin bombardman edilməsi və onun "külə çevrilməsi" nəzərdə tutulurdu. 1805-ci ilin yayında Ənzəli və Rəştə desant çıxarmaq cəhdi uğursuzluqla nəticələndikdən sonra rus donanması Zavalişinin komandanlığı ilə avqustun 12-də Bakıya yaxınlaşdı. Avqustun sonunadək xanlığın bütün strateji məntəqələri ələ keçirildi. 1806-cı il fevralın əvvəllərində isə Sisianov güclü artilleriya ilə Bakıya yaxınlaşaraq Zavilişinin desant dəstələri ilə birləşdi. General Sisianov Bakı xanlığının Rusiyanın tabeliyinə keçməsi haqqında müqavilə layihəsini Hüseynqulu xana göndərdi. Bu layihəyə görə xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan özü isə ildə 10 min manat maaş almalı idi.
Şəhərin xüsusi qaydalar əsasında idarə olunması nəzərdə tutulurdu. Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunlarının baş komandanlığının sərəncanlarına tabe olmalı idi.
Sisianovun öldürülməsi
[redaktə | mənbəni redaktə et]Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim edərkən Sisianov xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülür. General Zavilişin rus qoşunlarını Bakıdan Sarı adasına, oradan isə Qızılyara aparmaq qərarına gəldi.
Xanlığın süqutu
[redaktə | mənbəni redaktə et]1806-cı il iyunun 22-də Dərbənd işğal edildikdən sonra rus qoşunları Bakıya yaxınlaşdılar. General Bulqakov əhaliyə müraciət göndərərək toxunulmazlıq vəd etdi. Müqavimətin mənasız olduğunu görən Hüseynqulu xan əvvəl Qubaya, oradan da İrana getməyə məcbur oldu. 1806-cı il oktyabrın 3-də isə Bakı işğal olundu. Müstəmləkəçilər Bakı xanlığını ləğv etdilər. Azərbaycanın şimal torpaqları, o cümlədən Bakı xanlığı Rusiyanın hakimiyyəti altına düşdü.
Bakı xanlığının hakimləri
[redaktə | mənbəni redaktə et]1. | Hüseyn bəy Məhəmməd | 1718–1723 | |
2. | Qulu bəy Dərgah | 1723–1736 | |
3. | I Mirzə Məhəmməd xan | 1747–1768 | Qulu bəy Dərgahın oğlu. |
4. | Fətəli xan Qubalı | 1768–1770 | Quba xanı Bakını ələ keçirdi. |
5. | Abdulla bəy (Şirvan) | 1770–1772 | Qardaşı FətƏli xan tərəfindən Bakıya təyin edilmişdir. 1769–1770-ci illərdə Şirvan xanı idi. |
6. | Məlik Məhəmməd xan | 1772–1783 | I Mirzə Məhəmməd xanın oğlu Bakını geri qaytardı. |
7. | II Mirzə Məhəmməd xan | 1783–1791 | Məlik Məhəmməd xanın oğlu |
8. | Məhəmmədqulu xan | 1791–1792 | I Mirzə Məhəmməd xanın oğlu. II Mirzə Məhəmməd xanın devrilməsi. |
9. | Hüseynqulu xan | 1792–1797 | I Mirzə Məhəmməd xanın oğlu Hacı Əli Qulunun oğlu |
10. | II Mirzə Məhəmməd xan | 1797–1801 | Məlik Məhəmməd xanın oğlu. Bakı xanlığını qardaşı oğlu Hüseynqulu xandan geri aldı.
Quba xanlığının xanı 1809–1810. |
11. | Hüseynqulu xan | 1801–1806 (1813) | I Mirzə Məhəmməd xanın oğlu Hacı Əli Qulunun oğlu. Bakı xanlığını II Mirzə Məhəmməd xandan aldı. 1806-cı ildə devrildi, 1813-cü ildə rəsmi olaraq ilhaq edildi. |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi (PDF). Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
- İsgəndərov Ə. H. XVIII əsrin axırında Azərbaycanda siyasi‐iqtisadi vəziyyət. BDU‐nin nəşriyyatı "Audit" jurnalı, № 2‐3, 2004, səh.44
- İsgəndərov Ə. H. 1801‐ci ilə kimi Rusiyanın xarici siyasətində Cənubi Qafqaz və Şimali Azərbaycan. Ali Diplomatiya Kollecinin "Diplomat" nəşriyyatı. Bakı, 2002, səh.200.
- İsgəndərov Ə. H. XVIII əsrin axırından XIX əsrin əvvəlinədək Azərbaycan‐Rusiya‐Türkiyə münasibətləri. TC‐nin Ankara şəhərində nəşr olunan "Azerbaycan" jurnalı, № 8, 1999‐cu il, səh.32.
- А.Г.Искендеров. "Завоевание Северного Азербайджана Россией". Журнал "Аудит", 2007, № 3, Издательство БУБ, стр.44.
- Искендерова М. С. Бакинское ханство.Баку,1999,
- Сычев Н.В. Книга династий. М.2008. с.629–630.
- Мустафаев Дж. М. Северные ханства Азербайджана и Россия (конец XVIII —начало XIX вв.). — Баку: Элм, 1989. — 128 с.
- Славянская энциклопедия. XVII век. М.2004.
- Бурнашев (С. Д.), Описание областей Адребижанских в Персии и их политич. состояния, Курск, 1793;
- Бакиханов Абас-Кули-Ага Кудси, Гюлистан-Ирам, Баку, 1926;
- Левиатов В. Н., Очерки из истории Азербайджана в XVIII в., Баку, 1948;
- Абдуллаев Г. В., Из истории Северо-Восточного Азербайджана в 60–80 гг. XVIII в., Баку,1958.
- Atkin M. Russian and Iran 1780‐1828, Minneapolis,1987
- V Fəsil. Bakı — Bakı xanlığının paytaxtı kimi (XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəli), səhifə 274–321. // Bakı şəhərinin tarixi. Müəllif: Sara Aşurbəyli. Təkrar nəşr. Ruscadan tərcümə edən: Azər Bağırov; Elmi redaktor: Ziya Bünyadov; Buraxılışa məsul: Umud Rəhimoğlu. Bakı: "Avrasiya press", 2006, 416 səhifə. ISBN 9789952421675
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bournoutian George A. The 1820 Russian Survey of the Khanate of Shirvan: A Primary Source on the Demography and Economy of an Iranian Province prior to its Annexation by Russia. Gibb Memorial Trust. 2016. səh. xvii. ISBN 978-1-909724-80-8.
Serious historians and geographers agree that after the fall of the Safavids, and especially from the mid-eighteenth century, the territory of the South Caucasus was composed of the khanates of Ganja, Kuba, Shirvan, Baku, Talesh, Sheki, Karabagh, Nakhichivan and Yerevan, all of which were under Iranian suzerainty.
- ↑ Bertsch, Gary Kenneth. Crossroads and Conflict: Security and Foreign Policy in the Caucasus and Central Asia. Routledge. 2000. 297: "Shusha became the capital of an independent "Azeri" khanate in 1752 (Azeri in the sense of Muslims who spoke a version of the Turkic language we call Azeri today).". ISBN 0415922739.
- ↑ Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press. 2004. səh. 12. ISBN 978-0521522458.
(...) and Persian continued to be the official language of the judiciary and the local administration [even after the abolishment of the khanates].
- ↑ Pavlovich, Petrushevsky Ilya. Essays on the history of feudal relations in Armenia and Azerbaijan in XVI - the beginning of XIX centuries. LSU them. Zhdanov. 1949. səh. 7.
(...) The language of official acts not only in Iran proper and its fully dependent Khanates, but also in those Caucasian khanates that were semi-independent until the time of their accession to the Russian Empire, and even for some time after, was New Persian (Farsi). It played the role of the literary language of class feudal lords as well.
- ↑ Абдуллаев Г.Б. Азербайджан в ΧVΙΙΙ веке и его взаимоотношения с Россией. Баку: Изд-во Академии Наук Азербайджанской ССР, 1965, 621 с.
- ↑ Серебров А.Г. Историко-этнографическое описание Дагестана 1796 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 173- 197
- ↑ Симонович Ф.Ф. Описание Южного Дагестана 1796 год. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 138-157
- ↑ Бутков П.Г. Сведения о Кубинском и Дербентском владениях - 1798 г. История, география и этнография Дагестана ΧVΙΙΙ-ΧΙΧ вв. М.: Изд-во восточной литературы, 1958, с. 209-212.
- ↑ Обозрение Российских владений за Кавказомь въ статистическомъ, этнографическом, топографическом и финансовом отношениях. Ч.ΙΙΙ. СПб, типография департамента внешней торговли, 1836, 397 с.
- ↑ Обозрение Российских владений за Кавказомъ, въ статистическомъ, этнографическом, типографическом и финансовом отношениях. Ч.ΙV. СПб, типографии департамента внешней торговли, 1836, 401 с
- ↑ http://dic.academic.ru/dic.nsf/ruwiki/15553 Arxivləşdirilib 2021-12-25 at the Wayback Machine. Бакинское ханство
- ↑ http://arxeoloq.az/?cat=12 Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine. Монеты Бакинского ханства
- ↑ http://atxem.az/news/a-15214.html Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine. Монетное и ремесленные дела в Бакинском ханстве и его вооруженные силы
- ↑ "Arxivlənmiş surət". 2017-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-22.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bakıxanovların hakimiyyətindən başlanan Bakı xanlığı Arxivləşdirilib 2015-01-25 at the Wayback Machine
- бакинское ханство. Картинки.
- Bakı kəndlərinin qısa tarixi və kənd adlarının mənası. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine
- Бакинские_ханы. [ölü keçid]
- Бакинские ханы. Конец наследственной власти [ölü keçid]
- Бакинское ханство и его присоединение к России [ölü keçid]
- Генеалогия бакинских ханов: Гусейнгулу хан и его потомки [ölü keçid]