Xanağa məscidi
Xanağa məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndi ərazisində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid kəndin mərkəzi meydanında inşa edilmişdir.
Memarlıq quruluşu
[redaktə | mənbəni redaktə et]Məscidə daxil olmaq üçün şərqdən giriş qapısından kiçik otağa (uzunu 3,1 metr, eni 3,5 metr, hündürlüyü 2,5 metr) daxil olduqdan sonra şimal divarda qoyulmuş qapıdan əsas salona daxil olmaq lazım gəlir. Məscidin ölçüləri böyükdür: daxildən uzunu 11,3 metr, eni 10,2 metr, hündürlüyü 4,8 metrdir. Divarların qalınlığı 1,1 metrdir. Çiy kərpicdən hörülmüş, bişmiş kərpiclə üzlənmişdir.[1]
Məscidin şərq divarında dörd qapı, hər qapının yuxarı tərəfində başdan iti bucaqla tamamlanan pəncərələr qoyulmuşdur. Qərb divarda da şərq divarda olduğu kimi dörd pəncərə, cənub divarda isə üç pəncərə vardır. Məscidin tavanı iki sırada yerləşdirilmiş 10 dirəyin (5x2) üstündə dayanmışdır. Sütun başlıqları çox yüksək sənətkarlıqla düzəldilmişdir. Şimal divarın qarşısında taxta ilə ikinci mərtəbə düzəldilmişdir. Bu yer qadınlar üçün nəzərdə tutulmuşdur. Məscidin qərb divarının şimal qurtaracağında həyətə çıxış qapısı vardır.
Tarixi dövrləşdirilməsi
[redaktə | mənbəni redaktə et]Memarlıq-konstruktiv quruluşu orta əsr abidələri üçün xarakterik olan və XIX yüzillikdə təmir olunan məscid XVII əsrdə inşa edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hacıfəxrəddin Səfərli Naxçıvanın məscid və ziyarətgahları.Naxçıvan:"Əcəmi" Nəşriyyat Poliqrafiya birliyi,2018,216 səh