Xeyrəddin Qoca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xeyrəddin Qoca
Doğum tarixi 29 yanvar 1950(1950-01-29) (74 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 "Şöhrət" ordeni — 2020

Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır.

1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır.

Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S. Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.

Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar (1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).

Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər"- dən biri olmuşdur. Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak etmiş, Siyasi Şuranın üzvü seçilmişdir.

1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmişdir. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yazıçı-satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010) və "Yazdıqlarım… Yazılanlar…" (2018) adlı kitabların müəllifidir.

O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmişdir.

Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı…" adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq…" (2008) adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilmişdir.

Ədibin həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000), "Ömür belə keçir…" (2004) və " Həyati proseslərin axarında" adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir…" adlı film çəkmişdir. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək…" adlı satira gecəsi keçirmişdir (avqust 2003).

Cəlil Məmmədquluzadənin həyatından və "Molla Nəsrəddin" jurnalının yaradılmasından bəhs edən "Zamanın ruzigarı" adlı pyes yazmışdır.

O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuş (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülmüşdür. Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını almışdır. Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunmuşdur. "Pyeslər" kitabında, "Hərənin öz payı…", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir…" kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom almışdır (2005).

3-cü dərıcəli "Vətənə xidmətə görə" ordeni (2017) və "Şöhrət" ordeni (2020) ilə təltif edilmişdir.

  1. Filankəslər (1995)
  2. Hərə öz payını götürsün (1998)
  3. Marallar (2000)
  4. Bu dünyadan məktublar (2002) (Türkiyədə nəşr olunub)
  5. Gərək yazam… (2003)
  6. Hərənin öz payı (iki hissəli satirik komediya) (2003)
  7. Pyeslər (2004)
  8. Bu da belə həyatdır… (2008)
  9. Biz bizə bənzərik… (2010)
  10. Yazdıqlarım… Yazılanlar… (2018)

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  2. "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  3. "X.S.Qocayevin (Xeyrəddin Qocanın) "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.