Həmid bəy Yusifbəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həmid bəy Yusifbəyli
1905 – 1911
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1873(1873-10-13)
Doğum yeri
Vəfat tarixi ən tezi 1942
Vəfat yeri
  • bilinmir
Partiya
Təhsili
Fəaliyyəti maarifçi, siyasətçi, müəllim, müəllif
Atası Yusif bəy Yusifbəyli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmid bəy Yusifbəyli, Yusifbəyov və ya Usubbəyov (13 oktyabr 1873, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasıən tezi 1942, bilinmir) — azərbaycanlı siyasətçi, maarifçi, müəllim. Türk Sosial-Federativ İnqilabi Qeyrət Partiyası, Türk Ədəmi-Mərkəziyyət PartiyasınınDifai Partiyasının Gəncə komitəsinin yaradıcılarından biri. Qeyrət partiyasının sədri.

Həm Rusiya İmperiyası həm də Sovet İttifaqı dövründə siyasi fəaliyyətlərinə görə dəfələrlə həbs olunub, sürgün edilib. Son dəfə SSRİ XDİK-ı tərəfindən həbs olunub. 1942-ci ildə sürgün edilməsi qərarı çıxarılıb, lakin ondan sonra taleyi haqqında məlumat yoxdur. Ehtimal edilir ki, həbsxanalarının birində dünyasını dəyişib.

Hüquqşünas və saray müşaviri olan Yusif bəy Yusifbəylinin oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri, Müsavat Partiyasının Gəncə Təşkilatının ilk sədri Nəsib bəy Yusifbəylinin qardaşıdır.

Həmid bəy Yusifbəyli 1873-cü il oktyabrın 13-də Gəncə şəhərində anadan olub.[1][2] 1895-ci ildə şəhərdəki Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra 1898-ci ildən etibarən "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb.[3] Onun təşəbbüsü ilə mədrəsədə coğrafiya, tarix, fizika, riyaziyyat və digər fənlər üzrə gizli dərslər keçirilirdi.[4] Bu dövrdə Həmid bəy siyasi fəaliyyətə də başlayıb.[5][6] 1898-ci ildə Gəncədə öz evində Puşkin kitabxanası yaradıb.[7][8] Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Gəncədə yerləşən Hüseyniyyə Məscidinə köçürülüb.[5] Kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Kərim bəy Mehmandarov, S. A. Rüstəmbəyli, Ş. S. Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ. L. Səyad, Y. İ. Sizenskaya və başqaları köməklik göstəriblər. Qısa bir zamanda kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1200 nəfəri keçib.[9][10]

Tiflis quberniyası jandarm idarəsinin Həmid bəy Yusifbəyli haqqında hazırladığı sənəd

1899-cu il dekabrın 18-də siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılıb.[11][12] 14 ay Metex həbsxanasında saxlanılıb. 1905-ci ilədək Türküstanda Kokandda sürgündə olub.[13][9] 1905-ci ildə Gəncədə Türk Sosial-Federalist İnqilabi Komitəsi adlı təşkilatın yaradılmasında iştirak edib.[14] Bu təşkilat Azərbaycana Muxtariyyət və Rusiyanın Federativ şəkildə qurulması ideyalarını ortaya qoyan ilk siyasi qüvvə idi.[15][14] Bu komitənin əsasında daha sonra "Qeyrət" partiyası yaradılıb.[16] Sənədlərdə Türk Sosial-Federativ İnqilabi Partiyası adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Ələkbər bəy Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idilər. Bəzi mənbələrdə partiyaya sədrliyin Ələkbər bəy Rəfibəylinin təklifi ilə Həmid bəyə həvalə olunduğu qeyd olunub.[9]<[14] Daha sonra o qardaşı Nəsib bəy Yusifbəyli və atası Yusif bəy Yusifbəyli ilə birlikdə yeni yaradılan "Difai" partiyasına qoşulurlar. 1907-ci ildə Həmid bəyin evində Rusiya hökuməti tərəfindən axtarış aparılır.[17] Evindən 24 ədəd siyasi kitab tapıldığı üçün ona xəbərdarlıq edilir.[9] Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbdə dərs deyib və burada da təbliğat işləri aparıb.[17] 1909-cu ildə Gəncədə "Mədrəsə" adlı kitab evi açıb. "Tərəqqi" qəzetinin 30 iyun 1909-cu il tarixli nömrəsində bu kitab evi haqqında elan paylaşılıb.[18]

Gəncədə "Mədrəsə" Kitabxanasının möhürü

1908-ci ildə Azərbaycanda fəaliyyət göstərən bütün difaiçilərə qarşı Rusiya imperiyası tərəfindən repressiya kampaniyasına başlanılır.[19] Əvvəlcə Şuşada fəaliyyət göstərən Qarabağ Birlik Məclisinin üzləri həbs olunurlar.[19] Daha sonra isə Difai partiyasının Gəncə Komitəsinin üzvləri də təqib olunurlar.[20] Komitənin 10 nəfərdən ibarət olan rəhbər üzvlərinin evlərində axtarışlar aparılır.[21] Onların evlərində rus, fransız, və türk dillərində inqilabi ədəbiyyat aşkar edilir.[19] Həmid bəy Yusifbəyli də onların arasında olur.[20] Onlar həbs edilsələr də 1909-cu il avqustun 4-də polisin aşkar müşahidəsi şərti ilə azad olunublar.[22] Lakin sonradan 1910-cu ildə N. Axundov Səmərqəndə və Həmid bəy Yusifbəyli isə Bağçasaraya 5 illik sürgün edilirlər.[19][21] Həmid bəy orada bir müddət qardaşı Nəsib bəy Yusifbəylinin qayınatası İsmayıl Qaspıralının evində yaşayır.[17] Daha sonra isə İstanbula mühacirət edib.[17] 1913-cü il fevralın 21-də Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar II Nikolayın sərəncamına görə Həmid bəy əfv olunub və 1914-cü ildə İstanbuldan Gəncəyə geri qayıdıb.[19][21] Qayıtdıqdan sonra 1917-ci ilədək daimi nəzarət altında saxlanılıb.[9][17]

1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulandan sonra siyasi fəaliyyətini dayandırıb.[17][23]

Sovet işğalından sonra

[redaktə | mənbəni redaktə et]
Həmid bəy Yusifbəyli Krımda 1910-cu illər

Sovet işğalından sonra 1921-ci ildən 1930-cu ilədək Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda dərs deyib.[9][24] 30-cu illərinin əvvəllərində "Türkan" adlı bir pyes yazıb və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulub.[25] 1931-ci il fevralın 27-də Azərbaycan Dövlət Siyasi İdarəsinin 5 nömrəli orderi ilə evində axtarış aparılıb. "Türkan" pyesinin əlyazması müsadirə olunub.[25][26] Evindən qanundan kənar bir şey tapmasalar belə iki nəfər qonşusu üzünə durduğuna görə antisovet təbliğatı aparması bəhanəsi ilə həbs olunub. Bir il DTK-da saxlanıldıqdan sonra azadlığa buraxılıb.[25]

1932-ci ilin sentyabrında Kirovabad Sənaye Politexnikumuna işə düzəlib.[23] Bununla yanaşı Gəncədə 15 nömrəli məktəbdə dərs deməyə başlayıb.[23][26]

1941-ci il iyulun 16-da 213 saylı orderə əsasən Həmid bəy Yusifbəyli Dövlət Təhlükəsizliyi Xalq Kommisarlığı tərəfindən rus xalqının ünvanına böhtanlar yağdıran, antisovet əhval ruhiyyəli, qatı türkçü olmaqda və "Müsavat" partiyasının üzvü olmaqda ittiham olunaraq həbs edilib.[27]1941-ci il dekabrın 8-də yekun ittihamnaməsi hazırlanıb. İttihamnamədə göstərilir ki, o bəy nəslindədir, atası məhkəmə pristavı işləyib, böyük mülkiyyəti olub. "Müsavat" partiyasının üzvü olub. Qardaşı Nəsib bəy "Müsavat dövründə" Nazirlər Şurasının sədri olub. Antisovet təbliğat aparıb, rus xalqının əleyhinə danışıb və Türkiyəni təbliğ edib. Həmid bəy Yusifbəylinin qocalığını nəzərə alaraq onun 5 il müddətinə sürgünə göndərilməsi təklif edilib. 1942-ci il fevralın 11-də SSRİ XDİK yanında Xüsusi Müşavirə Ziyalov və Qriqoryanın təklifini nəzərə alıb, Həmid bəyi 5 il müddətinə Şimali Qazaxıstana sürgünə göndərilməsinə qərara verib. Həmid bəyin sonrakı taleyi barədə məlumat yoxdur. Ehtimal edilir ki o həbsxanalarının birində dünyasını dəyişib.[28][29]

1957-ci il dekabrın 31-də Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyası Həmid bəy Yusifbəyliyə işində cinayət tərkibi olmadığına görə bəraət verib. Məhkəmənin qərarı 1958-ci il yanvarın 9-da Həmid bəyin oğlu Ənvər Yusifbəyliyə bildirilib.[28][30]

  • Elmi və nəzəri müfəssəl elmi-hesab. Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1908 (İsmayıl Faiq ilə birgə);
  • Mübtədillər üçün iki qisimli hesab məsələləri. Birinci nəşri. Gəncə: Haqverdiyevin şirkət mətbəəsi, 1908;
  • Gəncədə "Mədrəsə" kitabxanası. Əsamiül-kütub. Bağçasaray: "Tərcüman" qəzetəsinin elektrik basmaxanası, 1912;
  • Mübtədillər üçün hesab məsələləri. İkinci təb. Bağçasaray: "Tərcüman" qəzetəsinin mətbəəsi, 1914.
Həmid bəy Yusifbəyli bacısı Dilşad xanımın uşaqları ilə

Ulu babası Usub bəy Gəncə xanlığında Cavad xanın vəziri olub.[31][32] Atası Yusif bəy Yusifbəyli Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb.[33] Yelizavetpol Qəza Məhkəməsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.[34] Türk Sosialist-Federativ İnqilabi Partiyası və ya Qeyrət Partiyasının qurucularından olub.[35][36]

Anası Böyükxanım xanım Xanbudaqovlar nəslindəndir.[33][34] Onun atası Böyük bəy Xanbudaqov 1840-cı illərdə Şəkidən Borsunlu kəndinə gələrək məskunlaşıb.[33] Onlar həm də Mirzə Fətəli Axundovun anasının yaxın qohumları olublar.[24]

Həmid bəy Yusifbəyli 1909-cu ildə Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanım Şeyxzamanlı ailə qurub.[17] Bu evlilikdən Ənvər adlı oğulları dünyaya gəlib.[37] Həmid bəy Yusifbəyli ikinci dəfə Bilqeyis Nəcəf qızı Cuvarlı ilə ailə qurub.[38]

Oğlu Ənvər bəy Yusifbəyli 1915-ci ildə anadan olub.[17] 1933-cü ildə Tiflis Rabitə Elektrotexniki İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təqiblərdən qurtulmaq üçün Rusiyanın İrkutsk şəhərinə köçüb. 1938–1939-cu illərdə İrkutskda böyük mühəndis vəzifəsində, 1939–1941-ci illərdə Tacikistanın Stalinabad şəhərində Rabitə İdarəsində baş mühəndis vəzifəsində işləyib.[17] 1941-ci ildə müharibə başladığı üçün orduya çağırılıb. Diviziyası ilə birlikdə əsir düşüb.[17] 1945-ci ildə əsirlikdən azad olunsa da sonra həbs edilib. 1956-cı ildə bəraət alıb, 1989-cu ildə vəfat edib. Gəncə şəhərində Yusifbəylilərin sərdabəsində dəfn olunub.[24]

Həmid bəyin yaşadığı evdə 1949-cu ilə kimi 2000-dən artıq kitabın qorunduğu şəxsi kitabxanası olub.[10] Burada İsmayıl bəy Qaspıralının rus dilinə tərcümə etdiyi "Qurani-Kərim" də saxlanılıb.[10] Qardaşı Eyyub bəy Yusifbəyli və bacısı Dilşad xanımın uşaqları Gülnar və Rasim Xasməmmədovlar sürgündə olduqları üçün onlara kömək məqsədilə kitablar, 1949-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Gəncə Elmi Tədqiqat Mərkəzinə satılıb.[10] Bu kitabların əksəriyyəti sonradan itib. 120 nüsxəsi sonralar tapılaraq Gəncədəki Şahsevənlər məscidində yaradılmış "Xəzinə" adlı kitabxanaya verilib.[9][10]

Həmid bəy Yusifbəylinin doğulduğu və Gəncənin Səfərabad məhəlləsində yerləşən evdə hazırda Yusifbəylilərin ev-muzeyi yerləşir.[39][40]

  1. Tahirzadə, Ədalət. Fikir və əməl böyüklərimiz (az.). Bakı: Nurlar. 2014. 269. ISBN 978-9952-490-32-9.
  2. Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 18. ISBN 978-9953-8068-4-5.
  3. Qəhrəmanlı, 2008. səh. 15
  4. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 74. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-07.
  5. 1 2 Qəhrəmanlı, 2008. səh. 226
  6. Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 19. ISBN 978-9953-8068-4-5.
  7. Hacıyev, Rauf. "Araşdırma: istiqlaliyyət tariximizdə Yusifbəylilər sülaləsinin xüsusi yeri var". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2018-01-24. İstifadə tarixi: 2024-10-17.
  8. Muradov, Zakir. "Гянджинские истоки национальной идеи: О трех этапах политической эволюции начала XX века, приведших к созданию АДР". Каспiй. 2018-05-26. İstifadə tarixi: 2024-10-18.
  9. 1 2 3 4 5 6 7 "Böyük nəslin böyük faciəsi: Yusifbəylilərin daha bir repressiya qurbanı". "Azadlıq"ın Araşdırmaçı Jurnalistlər Qrupu. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2012.
  10. 1 2 3 4 5 Qəhrəmanlı, 2008. səh. 227
  11. Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 23. ISBN 978-9953-8068-4-5.
  12. Qəhrəmanlı, 2008. səh. 19
  13. Qəhrəmanlı, 2008. səh. 20
  14. 1 2 3 Qəhrəmanlı, 2008. səh. 228
  15. Balayev, Aydın. Азербайджанское национальное движение в 1917–1918 гг (PDF) (rus). Bakı: Elm nəşriyyatı. 1998. 33. ISBN 5-8066-0891-93.
  16. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 151. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  17. 1 2 3 4 5 6 7 8 9 10 Qəhrəmanlı, 2008. səh. 229
  18. Qəhrəmanlı, 2008. səh. 6
  19. 1 2 3 4 5 Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" – "Difai"nin fəaliyyəti". Ədalət. 3 mart 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  20. 1 2 Süleymanova, Sevda. Azərbaycanda ictimai-siyasi hərəkat. XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəlləri (az.). Bakı: Azərbaycan Dövlət Kitab Palatası. 1999. 313.
  21. 1 2 3 Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 26. ISBN 978-9953-8068-4-5.
  22. Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900–1917 (rus). Баку: Елм. 1997. 187.
  23. 1 2 3 "Müstəqillik uğrunda mübarizəyə görə 3 dəfə həbs olunan Həmid bəy Yusifbəyli". gencexeber.az (az.). 2023-05-24. İstifadə tarixi: 2024-10-18.
  24. 1 2 3 Qəhrəmanlı, 2008. səh. 230
  25. 1 2 3 Qəhrəmanlı, 2008. səh. 231
  26. 1 2 İradə Əliyeva. "Uydurulmuş cinayətin amansız cəzası". "Azərbaycan" jurnalı. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2012.
  27. Qəhrəmanlı, 2008. səh. 18
  28. 1 2 Elşad Qoca. Sibir dərsi. Bakı: Şuşa. 2000. səh. 83-86.
  29. Qəhrəmanlı, Nazif. Nəsib bəy nümunəsi (az.). Bakı: Nurlan nəşriyyatı. 2008. 25.
  30. Qəhrəmanlı, 2008. səh. 27
  31. Tahirzadə, Ədalət. Fikir və əməl böyüklərimiz (az.). Bakı: Nurlar. 2014. 268. ISBN 978-9952-490-32-9.
  32. Əliyarlı, İltifat; Behbudov, Tahir. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 (az.). Bakı: Mütərcim. 2013. 122. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  33. 1 2 3 Mərdanov, Misir. "Azərbaycan Təhsil Nazirləri / Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli". Azərbaycan müəllimi qəzeti. 2011-05-06. İstifadə tarixi: 2024-10-18.
  34. 1 2 Tahirzadə, Ədalət. Fikir və əməl böyüklərimiz (az.). Bakı: Nurlar. 2014. 269. ISBN 978-9952-490-32-9.
  35. Muradov, Zakir. "Nəsib bəy Yusifbəyli – Siyasi Azərbaycan ideyasının müəllifi". 525-ci qəzet. 2021-05-28. İstifadə tarixi: 2024-10-18.
  36. Tumas, İlham. "Qəbri tapılmayan baş nazirimiz – Onu kim qətlə yetirmişdi?". Kulis.az (az.). 2024-05-31. İstifadə tarixi: 2024-10-18.
  37. Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 27. ISBN 978-9953-8068-4-5.
  38. Nəbi, Ceyhun. Sovetlərlə üz-üzə (az.). Bakı: Alatoran. 2018. 28. ISBN 978-9953-8068-4-5.
  39. "Azərbaycanın tanınmış Yusifbəylilər sülaləsinin mülkü". gencexeber.az (az.). 2023-07-20. İstifadə tarixi: 2024-10-17.
  40. Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 75. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.